lombard
17:01
287

Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən bu ölkənin Omurtaq bələdiyyəsinin inzibati ərazisinə daxil olan Obitel kəndində müqəddəs Ramazan ayı münasibətilə müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb.

Tədbirdə Omurtaq bələdiyyəsinin daxil olduğu Tırqovişte vilayətinin qubernatoru Mitko Staykov, Bolqarıstan Xalq Məclisinin deputatı İmren Mehmedova, Bolqarıstan baş müftisinin müavini Ahmed Hasanov, Omurtaq şəhərinin meri Eşref Eşrefov, Tırqovişte şəhərinin meri Darin Dimitrov, Tırqovişte vilayətinin arxiyepiskopu Stavço Prodanov, Omurtaq şəhərində “Müqəddəs Dimitır” kilsəsinin keşiri Krasimir Andonov, Tırqovişte vilayətinin müftisi Nazif Rasimov, eləcə də yəhudi icmasının nümayəndələri və yerli kənd sakinləri iştirak ediblər.

“Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayan mərasimə 400-ə yaxın insan qatılıb.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova mərasimdə təkcə İslam deyil, digər dinlərin nümayəndələrini də görməkdən məmnunluğunu ifadə edib. Ölkəmizdə Ramazan ayında müxtəlif din nümayəndələrinin iştirakı ilə iftar süfrələrinin təşkilinin ənənə halını aldığını söyləyən diplomat bu gözəl ənənənin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.

Səfir bildirib ki, Azərbaycan müstəqil dünyəvi dövlətdir və ölkəmizdə dünyəvi dövlətçiliyin tarixi 100 il bundan əvvələ dayanır. N.Qurbanova bir neçə gün sonra müsəlman və türk dünyasında ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünün qeyd ediləcəyini vurğulayıb.

Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu söyləyən səfir ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olmaqla yanaşı, müsəlman aləmində böyük nüfuza sahib olduğunu qeyd edib. O, dünyada ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidinin məhz Azərbaycanda yerləşdiyini, hazırda ölkəmizdə 2000-dən artıq məscidin fəaliyyət göstərdiyini, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi olan Heydər məscidinin inşa edildiyini diqqətə çatdırıb.

N.Qurbanova ölkəmizin dünyada İslam dəyərlərinin təbliğinə böyük töhfələr verdiyini qeyd edərək 2009-cu ildə Bakının və 2018-ci ildə isə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunmasının bunun bariz sübutu olduğunu bildirib. 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib və İslam Həmrəyliyi Oyunları keçirilib.

Ölkəmizdə yalnız İslam deyil, digər dinlərin də nümayəndələrinin sərbəst etiqadı üçün şəraitin yaradıldığını vurğulayan səfir tədbir iştirakçılarını əsrlər boyu Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşayaraq ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini ifadə edib. O, Azərbaycanda məscidlərlə yanaşı, 14 kilsə və 7 sinaqoqun fəaliyyət göstərdiyini, xristian dünyasının ən qədim məbədlərindən hesab olunan və eramızın I əsrinə aid edilən Kiş məbədinin məhz Azərbaycanda yerləşdiyini vurğulayıb. Ölkəmizdə xristianlığın tarixi, demək olar ki, Kiş məbədindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Azərbaycanın 2 min ildir ki, yəhudi icması üçün vətən olduğunu xüsusi vurğulayan N.Qurbanova bir neçə il əvvəl ölkəmizdə Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzinin inşa edildiyini bildirib.

Səfir deyib: “Multikulturalizm sadəcə bizim dövlət siyasətimiz deyil, eyni zamanda, həyat tərzimizdir, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur, ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil olunur”.

Ölkələrimiz arasında münasibətlərə toxunan səfir müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlayış şəraitində birgə yaşadığı dost Bolqarıstanın Azərbaycanda keçirilən forumlarda həmişə ən yüksək səviyyədə iştirak edərək dünyada multikulturalizm və tolerantlığa əhəmiyyətli töhfələr verdiyini vurğulayıb. Diplomat, həmçinin cari ilin noyabr ayında Bakıda Dünya Dini Liderlərinin II Zirvə Görüşünün keçiriləcəyini bildirərək Bolqarıstanın da din xadimlərini də həmin mötəbər tədbirə dəvət edib.

Omurtaq şəhərinin meri E.Eşrefov səfirlik tərəfindən təşkil edilmiş iftar mərasimini yüksək qiymətləndirib, belə bir təşəbbüsün məhz Obitel kəndində həyata keçirilməsindən məmnunluğunu bildirib və təşəkkürünü ifadə edib. Səfirliyin təkcə paytaxt Sofiya ilə deyil, bölgələr ilə əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edən mer bu əlaqələrin davamlı olacağına inamını bildirib və kənd sakinlərinin böyük həvəslə tədbirə qatıldığını əlavə edib.

Daha sonra çıxış edən Bolqarıstan baş müftisinin müavini A.Hasanov və Tırqovişte vilayətinin müftisi N.Rasimov iftar süfrəsinin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər və müqəddəs Ramazan ayının insanlara sülh, şəfqət və xeyirxahlıq aşıladığını bildiriblər.

Tədbirdə yalnız müsəlmanların deyil, digər dinlərin də nümayəndələrinin təmsil olunmasının əhəmiyyətinə toxunan din xadimləri bunun müxtəlif dinlər arasında hörmət və birlik rəmzi olduğunu vurğulayıblar. Həmçinin hər il Bolqarıstanın Prezidenti Rumen Radev tərəfindən də mübarək Ramazan ayında iftar mərasimlərinin təşkil edildiyini söyləyiblər.

Tədbirdə qonaqlara yerli yeməklərlə yanaşı, Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim olunub. Mərasim Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ