lombard
12:36
413

Qusara elektrik enerjisinin verilməsi tam bərpa olunub

Qusarda mayın 25-i baş verən güclü küləyin törətdiyi fəsadların böyük hissəsi aradan qaldırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, şiddətli külək nəticəsində Qusarın ərazisinin 70 faizinə elektrik enerjisinin verilişi kəsilib. Təbiət hadisəsi nəticəsində elektrik və rabitə dirəkləri aşıb, yıxılan iri gövdəli ağaclar və budaqları naqillərin üzərinə düşərək xətləri yararsız hala salıb.

Elə həmin gün fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. "Azərişıq" ASC-nin rayona ezam olunmuş işçi qüvvəsi və yerli qurumların əməkdaşlarının səyi nəticəsində 80 yaxın kəndə elektrik enerjisinin verilməsi iki gün ərzində bərpa edilib. Hazırda bir neçə yaşayış məntəqəsində 0,4 kv-luq xətlərdə qalan nasazlıqların aradan qaldırılması istiqamətində iş aparılır.

Şahid Fərəməzov bildirib ki, güclü külək Qusar şəhərində bir yerdə, həmçinin iki kənddə qaz xətlərinə də ciddi ziyan vurub. Xaçmaz Regional Qaz İstismar İdarəsinin mütəxəssisləri yarasız hala düşən xətləri bərpa edib.

Qusarın park və küçələrində, eləcə də yollara aşmış bütün ağaclar doğranaraq ərazidən daşınıb. Yollarda avtomobillərin hərəkəti üçün yaranan məhdudiyyət qısa müddətdə aradan qaldırılıb.

Külək Qusarda E.Güləlyev adına şəhər 2 nömrəli tam orta məktəbin dam örtüyünü də uçurub. Hazırda təhsil ocağının dam örtüyünün təmiri istiqamətində iş aparılır.

© AzərTac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ