lombard
17:01
347

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışının məntiqi nəticəsi idi

Müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışının və ölkəmizdə gedən çoxəsrlik ictimai-siyasi proseslərin məntiqi nəticəsi kimi yarandı.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, bu fikirləri universitetdə 28 May - Respublika Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan dövlətçilik ənənələrinin davamıdır” mövzusunda keçirilən elmi konfransda ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev səsləndirib. Rektor bildirib ki, iki ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.

“Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi nəzərdən keçirilən müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi şüur səviyyəsinin yetkinliyindən xəbər verir”, - deyən İsmayıl Əliyev tarixi proseslərə nəzər salaraq qeyd edib ki, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha da çətindir. Bunun üçün fenomen şəxsiyyət lazımdır. Odur ki, Azərbaycan XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdə bu müstəqilliyin yenidən məhvə məhkum olunmaq təhlükəsi yarananda xalq üzünü o zaman Naxçıvanda yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevə tutdu. Bu dahi şəxsiyyət xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Beləliklə, 1918-ci ilin 28 mayında müstəqilliyinin təməlini qoyan, lakin onu qoruyub saxlaya bilməyən xalq 1993-cü ilin iyunundan sonra böyük şəxsiyyət Heydər Əliyevin zəkası sayəsində müstəqilliyini qoruyub daha da möhkəmləndirdi. Ulu Öndərin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın müstəqilliyinin əbədiliyi təmin olundu.

Konfransda Ümumi tarix kafedrasının dosenti Elçin Zamanovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Milli hökumətin və parlamentin fəaliyyəti”, Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Aysel Abbasovanın “Azərbaycan diplomatik heyətinin Paris Sülh Konfransında fəaliyyəti”, Gülçin Ağayevanın “Azərbaycan Xalq Cümhuriyyətinin yaxın xarici dövlətlərlə münasibətləri” və Pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyatımızda istiqlal fikirləri” mövzularında çıxışları dinlənilib.

Sonda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

© AzərTAc

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ