lombard
17:40
255

İstiqlaliyyətinin 101 yaşı mübarək, Azərbaycan!

İş masası. Masanın üzərində neft lampası, papiros və mürəkkəb qabı, polad ucluqlu qələm, sol üst siyirtməsində möhür və təsbeh… Masada əyləşənin rahatlıqla görə biləcəyi mövqedə kəfkirli saat, saatın solunda isə Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi asılıb. Otağın sahibi divardakı portretindən harasa uzaqlara boylanır. Bu, odur. Milli hökumətin ilk Baş Naziri Fətəli xan Xoyski.

1918-ci il mayın 28-də Tiflisdə istiqlaliyyətini elan edərək, 16 iyunda Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Nazirlər Şurasının yerləşdiyi bina indi muzey kimi fəaliyyət göstərir. 6 otaqdan ibarət olan muzeyin 4-də Cümhuriyyət dövrünü əks etdirən eksponatlar nümayiş olunur. Onlardan biri də Xalq Cümhuriyyətinin qurucularından olan, Nazirlər Kabinetinin rəhbəri, Baş Nazir Fətəli Xan Xoyskinin iş otağıdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 101-ci il dönümündə muzeyə baş çəkib, tariximizin qızıl səhifələrini bir daha vərəqləyiblər.

Qonaqlara məlumat verilib ki, muzeydə həmin dövrdə istifadə olunan pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar nümayiş olunur. Cümhuriyyətin qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkillər də diqqəti cəlb edən eksponatlar sırasındadır.

Digər iki otaqda isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyətə verdikləri qiymət və göstərdikləri münasibətin əyanı sübutları yer alır.

Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi ilə tanışlıqdan sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında olublar. Onlar burada sərgilənən sənəd və fotoşəkillərə baxıblar.

Məlumat verilib ki, Cümhuriyyət tarixinin Gəncə dövründə bu binanın da xüsusi yeri olub. Belə ki, 1918-ci ilin iyununda Tiflisdən Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk iclası məhz burada baş tutub.

Gəncənin Atatürk prospektində qarşı-qarşıya dayanan bu iki bina tarixin səhifələrinə keşik çəkir. Onlar Şərqin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətinin yadigarları, 101 il əvvəl yaşanan tarixi hadisələrin ən yaxın şahidləridir

© AzərTAc

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ