lombard
12:53
372

“Azərpambıq ASK”nın Ağcabədidəki zavodunda 72,5 min ton pambıq emal ediləcək

Builki məhsul yığımı mövsümündə "Azərpambıq ASK" MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq istehsalı emalı zavodunda 72 min 500 ton pambıq emalı nəzərdə tutulur.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-dən bildirilib ki, qurumun baş direktoru Kamran Nəbizadə "Azərpambıq ASK" MMC-nin Ağcabədi rayonundakı pambıq istehsalı emalı zavodunda aparılan yenidənqurma işləri ilə tanış olub. Baş direktor görülən tədbirlərin zamanın tələblərinə uyğun, vaxtında, həm də keyfiyyətlə başa çatdırılmasını tövsiyə edib.

Məlumat verilib ki, bu il məhsul yığımı mövsümündə zavodda 72 min 500 ton pambıq emalı nəzərdə tutulur. Zavod tam gücü ilə işə düşdükdən sonra cəmiyyətin ətraf rayonlarda yerləşən məntəqələrindən də həmin müəssisəyə pambıq qəbul olunaraq emala veriləcək. Zavodda Ağcabədi rayonu üzrə 10 min ton, Ağdam rayonu üzrə 1500, Tərtər rayonu üzrə 3375, Goranboy rayonu üzrə 3 min ton – ümumilikdə 17 min 875 ton pambıq tədarük və emal olunacaq.

Hazırda zavodda köhnə, sıradan çıxmış avadanlıqların demontaj işlərinə başlanılıb. Bununla yanaşı, təmir-bərpa və yeni avadanlıqların alınması istiqamətində də tədbirlər planı hazırlanaraq həyata keçirilir. Yeni, müasir tələblərə cavab verən pambıq emalı zavodunun kütləvi pambıq tədarükü dövrü ilə eyni vaxtda işə salınması planlaşdırılır.

Qeyd edək ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərpambıq ASK" MMC üzrə cari təsərrüfat mövsümü ilində respublikanın 15 rayonunda 29 min hektarda pambıq əkini aparılıb. Qarşıya qoyulan məqsəd isə hər hektarda minimum 25 sentner pambıq məhsulu istehsal etməklə məhsuldarlığın ildən-ilə artırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq yığılmış xam pambığın vaxtında emal edilməsi üçün köhnə zavodlarda yenidənqurma işlərinin aparılması və müəssisələrin işçi qüvvəsinin artırılması nəzərdə tutulur. Bu, həm də regionlarda yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

© AzərTAc

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ