lombard
15:57
410

Qaxda yem emalı məntəqəsi istifadəyə verilib

Regionlarda kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisəsi mayın 30-da Qax rayonunda istifadəyə verilib.

Tasmalı kəndində yem emalı məntəqəsinin fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), USAID-in, müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Tədbirdə KOBİA-nın İdarə heyəti sədrinin müavini Nadir Adilov, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Riçard Bayes, Tasmalı icmasının nümayəndəsi Xuraman İsmayılova çıxış edərək, regionlarda özəl bölmənin, xüsusilə də aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən danışıblar. Vurğulanıb ki, yem emalı müəssisələri bölgələrdə bitkiçilik və heyvandarlığın inkişafında, yemə olan tələbatın ödənilməsində, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Diqqətə çatdırılıb ki, yem emalı məntəqəsinin inşası layihəsi Azərbaycan Hökumətinin dəstəyi, USAID-in maliyyə vəsaiti, yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə yerinə yetirilib. Layihə Tasmalı kəndinin 1679 nəfər icma sakininin təsərrüfatlarında olan mal-qaranın yemlə təminatının yaxşılaşmasına xidmət edəcək. Kənd icması layihəyə 28 min 317 manat dəyərində əmək və material töhfəsi verib. USAID isə SEDA vasitəsilə layihənin icrasına 43 min 850 manat vəsait ayırıb.

Sonra tədbir iştirakçıları yem emalı müəssisəsi ilə tanış olublar. Məntəqədə istehsal sahəsi və anbar inşa olunub, gücü saatda 2 ton olan toxumtəmizləyən, yemüyüdən və otdoğrayan avadanlıq quraşdırılıb.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ