lombard
17:14
403

Statistika Komitəsinin nümayəndələri Lissabonda təlim səfərində iştirak edirlər

Mayın 28-31-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) nümayəndələri “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Portuqaliya Milli Statistika İnstitutunda yüksəkvəzifəli şəxslər üçün təlim səfərində iştirak edirlər.

Komitədən bildirilib ki, DSK sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədi statistik işlər proqramının hazırlanması, coğrafi informasiya sistemləri, biznes statistikasında istifadə olunan təsnifatlar, statistik biznes reyestr, seçmə müayinələrin təşkili, respondentlərin üzərinə düşən statistik yükün azaldılması, inzibati məlumatlardan istifadə, statistik məlumatların yayılması və istifadəçilərlə əlaqələrin qurulması sahəsində Portuqaliya təcrübəsinin öyrənilməsidir.

Səfər müddətində portuqaliyalı mütəxəssislər tərəfindən rəsmi statistika məlumatlarının istehsalı prosesi, statistik fəaliyyətlərin planlaşdırılması, statistik işlər proqramlarının, qısamüddətli və uzunmüddətli strategiyaların hazırlanması, coğrafi informasiya sisteminin və statistik biznes registrin təşkili, məlumatların yayılması və istifadəçilərlə əlaqələrin qurulması, kadr potensialının gücləndirilməsi, statistik məlumatların istehsalı prosesində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təqdimatlar nümayiş olunub. Eyni zamanda, Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən rəsmi statistika məlumatlarının istehsalı prosesinin təşkili, son illər bu sahədə həyata keçirilmiş islahatlar və layihələr barədə Portuqaliya tərəfinə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Portuqaliya Milli Statistika İnstitutu arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ