lombard
17:16
331

“Mülki Aviasiya muzeyi uşaqların gözü ilə” adlı tədbir keçirilib

Mayın 30-da “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 2 iyun – mülki aviasiya işçilərinin peşə bayramına həsr olunmuş “Mənim kiçik təyyarəm” adlı tədbir keçirilib.

Tədbirdə akademiyanın rejim və tərbiyə işləri üzrə prorektoru Əvəz Xəzərxanov, ictimaiyyətlə əlaqələr üzrə prorektor Şəmsəddin Axundov, “Dil və ictimai fənlər” kafedrasının müdiri Nəriman Həsənzadə, “Şöhrət” ordenli təyyarəçi Əzimbala Əzimov, tələbələr, Kəlbəcər rayonu 37 saylı orta məktəbin və Xətai rayonu 55 saylı orta məktəbin xüsusi siniflərində təhsil alan şagirdlər iştirak edib.

Tədbiri “Əməkdar mədəniyyət işçisi” Ş.Axundov açaraq uşaqları bayram münasibətilə təbrik edib. Daha sonra muzeyin direktoru “Əməkdar mədəniyyət işçisi” Firəngiz Hüseynova bildirib ki, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq, onları diqqətdən kənarda qoymamaq hər bir vətəndaşın borcudur və təşkil edilmiş bu tədbir də uşaqların xatirəsində xoş bir iz buraxacaq.

Sonra muzeyin hazırladığı “Mülki Aviasiya muzeyi uşaqların gözü ilə” adlı fotosərgiyə, həmçinin məktəblilərin muzeyə hədiyyə etdikləri aviasiya mövzusuna həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Ənvər Həzərxanov və Firəngiz Hüseynova sərgidə xüsusi əl bacarığı nümayiş etdirən şagirdlərə təşəkkürnamə təqdim ediblər.

Muzeyin qarşısında açıq havada keçirilən bayram tədbiri akademiyanın aviamodelçilik dərnəyinin hazırladığı aviamodellərin təqdimatı və bu kiçik modellərin hazırlığı ilə bağlı ustad dərsinin keçirilməsi, həmçinin musiqi sədaları altında tələbələrin dərnəkdə hazırladığı aviamodellərin ən yaxın məsafədən uçuş-şousunun nümayişi ilə davam edib.

Tədbirin sonunda iştirakçılar üçün xüsusi çap edilmiş şarların səmaya buraxılması və kiçik hədiyyələrin təqdim edilməsi uşaqların böyük sevincinə səbəb olub.

© AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ