lombard
16:59
260

Minimum pensiya artımı 660 min, əməkhaqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin edilmiş 94 min şəxsin pensiyasının artmasına imkan verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği 2019-cu il
oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
Eyni zamanda, dövlət başçısı “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu
il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 14
avqust 2019-cu il tarixli Fərman imzalayıb.
Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması
istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində
pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer
tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra
kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı
əhatə etmişdi.
Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min
nəfər pensiyaçını əhatə edəcək.
Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə
əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni
məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu
(149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq
qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi
hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan
istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə
həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə
yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçuları,
hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları,
xüsusi rütbəli şəxslər və b. əməkhaqlarının ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə
əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan
orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək
haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən
hesablanaraq artırılır.
Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə
750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da
ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm bir addımdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ