lombard
12:58
327

Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə

Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə
Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə
Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə
Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə
Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə

Hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin rifahı, vətəndaşının firavanlığı
naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Bu mənada Ulu öndərimiz Heydər
Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
uğurla davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası, reallaşdırılan geniş
miqyaslı köklü islahatlar bu gün Azərbaycanın qüdrətli iqtisadiyyata və orduya, dünya
birliyində mötəbər mövqeyə sahib olmaqla yanaşı, eyni zamanda güclü sosial siyasətə malik
bir ölkəyə də çevrilməsinə səbəb olub. Bu uğurlu siyasətdə, xüsusilə ölkəmizdə sosial
siyasətin ildən-ilə güclənməsində, həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə,
sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum
gənclərə diqqət və qayğının artırılmasında, ümumən sosial müdafiə sisteminin sosial ədalət
prinsipləri üzərində daha da gücləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox geniş
miqyası əhatə edən ardıcıl xidmətləri, yüksək humanizmi ehtiva edən nəcib, xeyirxah layihə
və təşəbbüsləri mühüm rola malikdir.
Məlum olduğu kimi, 2019-cu il sosial sahədə inqilabi islahatlar ilinə çevrilib. Belə ki,
Prezident cənab İlham Əliyevin 2019-cu ilin ötən dövründə təqdim etdiyi iki sosial paket
ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata,
minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial
müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Dövlət sektorunda
işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə
artırılıb. 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla, bu
problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il
təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına
ciddi dəstək olub. Azərbaycanda sosial inkişafa təkan verən bu inqilabi islahatlar paketinin
hazırlanması prosesində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva fəal iştirak edərək, islahatların realllaşdırılmasında öz mühüm
dəstəyini göstərib.
Dövlət sosial xidmətlərinin vətəndaşlara “bir pəncərə”dən daha yaxın və əlçatan, tam
şəffaf mühitdə qurulması üçün Mehriban xanım Əliyevanın təşəbbüslərindən biridir.
Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı bu təşəbbüsün icrasına
imkan verib. Fərmanın icrası olaraq, DOST konsepsiyasının reallaşdırılması üçün əsas
sənədlərin hazırlanması prosesi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə qısa müddətdə və uğurla başa çatdırıldı. Beləliklə, 09 may 2019-cu il tarixdə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial
Təminat) Agentliyi və ilk DOST mərkəzi açıldı.
Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi
açılışda dövlətimizin başçısı “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz
əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni
texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər
müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir.
Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin
inkişafına xidmət göstərəcək” deyə bəyan etdi.
DOST mərkəzində 130-dan çox elektron xidmət göstərilir. Bunların sırasına “Pensiya
və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-
ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək
münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji,
sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və digər xidmətlər daxildir. May
ayında açılşı olan DOST mərkəzinin xidmətlərindən artıq 23 avqusta kimi 27 mindən çox

vətəndaş faydalanıb. DOST xidmətlərindən tam məmnunluq səviyyəsi 93 faiz, qismən
məmnunluq 4 faiz təşkil edir.
2019-2025-ci illər üzrə Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin
açılması nəzərdə tutulub.
Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm bir istiqaməti dövlət uşaq
müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum
gənclərin qayğı ilə əhatə olunması, onların layiqli gələcəyinin təmin edilməsidir. Belə ki,
Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq, Heydər Əliyev Fondunun sosial əhəmiyyətli
layihəsi kimi, Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək həmin gənclərin
istifadəsinə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məzun evi” kimi fəaliyyyət göstərən
bu binalarda artıq 365 gənc mənzillə təmin olunub. Onların kommunal xərcləri ilk 6 ay
müddətində dövlət büdcəsi hesabına ödənilir. Binada məskunlaşan və dövlət, bələdiyyə və
özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin
kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi
təmin olunur. Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və
yataq dəstləri ilə təchiz edilib, normal yaşayış üçün müasir şərait yaradılıb.
“Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı da diqqətdə saxlanılır. Onlardan
işaxtaran şəxslərin müəssisənin özündəki ictimai-iaşə və s. iş yerlərində, həmçinin
yaxınlıqda yerləşən müxtəlif müəssisələrdə münasib işlərlə təminatı həyata keçirilir. Yeni
mənzillə təmin edilən gənclərin böyük hissəsi ailə qurub. İndi burada 207 ailə, 300-ə yaxın
uşaq, ümumilikdə 850-dək insan yaşayır. “Məzun evi” üçün 4-cü binanın da tikintisinə artıq
başlanıb. Nazirliyinin dəstəyi ilə “Məzun evi”ndə xalça və tikiş sexləri də yaradılıb.
Müəssisədən bir qrup gənc nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında
müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə işlə təmin olunublar. “Məzun evi”
Azərbaycan dövlətinin hər bir vətəndaşının yanında olduğunu, valideyn himayəsindən
məhrum olan gənclərin də məhz ən böyük dayağının - dövlət olduğunu bir daha təsdiq edir.
Məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsi, yaşayış şəraitlərinin
yaxşılaşdırılması Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib
hissəsidir. Təsadüfi deyil ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsindəki
dövlət siyasəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər bu gün
beynəlxalq səviyyədə bir nümunə kimi göstərilir. Birinci vitse-prezident xanım Mehriban
Əliyevanın fəaliyyətinin başlıca istiqamətlərindən biri də məhz məcburi köçkünlərin sosial
problemlərinin həllinə yönəlib. Cari ilin aprel ayında Birinci vitse-prezident Mehriban Əliyeva
Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan
"Qobu Park” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərlə görüşündə deyib:
“Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və
qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb,
300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Əgər 2017-2018-ci illərdə
6126 mənzil təhvil verilibsə, bu il təkcə bir il ərzində 6 min mənzil təhvil veriləcək. İnanın,
mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur”.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
uğurlu siyasəti ölkəmizin hərbi gücünün artırılmasına imkan verib. 2016-cı ilin aprel
döyüşlərində qazanılan qələbə də Ordumuzun güclü ordular sırasında olduğunu təsdiq etdi.
Həmin döyüşlərdə Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını
nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin
minlərlə hektar torpağını işğaldan azad etdi. Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı
ilə şəhid ailələri, o cümlədən aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Vətən
övladlarının ailələri və bu döyüşlərdə yaralanmış hərbçilər etibarlı sosial müdafiə və
reabilitasiya sistemi ilə əhatə olunublar. Aprel döyüşlərində əlil olmuş hərbçilərimizin
reabilitasiyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun

prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olundu. Mehriban
xanım Əliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və
zabiti ilə görüşündə demişdi: “Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış,
xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə
yanaşır. Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız.
Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə
normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa
hazırdır”.
Ötən müddətdə bu sözlər əməli şəkildə uğurla öz təsdiqini tapdı. Heydər Əliyev
Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək
texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz
Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan
şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər. Cari ilin fevral ayında 30-dək
hərbçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlilinə də yüksək texnologiyalı
reabilitasiya vasitələri verildi. Ötən 3 il ərzində layihə üzrə 100-dən çox zabit və əsgərimiz
yüksək texnologiyalı protezlərlə təmin olunub. Sevindirici haldır ki, reabilitasiya vasitələri ilə
təminatdan sonra həmin hərbçilərimiz yenidən aktiv həyata dönüblər, onları əmək
fəaliyyətində, hərbi xidmət sahələrində, ayrı-ayrı əlilliyi olan hərbçilərimiz paralimpiya idman
növlərində görmək hər kəsdə xoş və pozitiv hisslər yaradır.
Sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılması, onların sağlamlıqlarının
bərpasının, onların sosial inteqrasiyasının dəstəklənməsi Mehriban xanım Əliyevanın
xeyirxah missiyasında mühüm yer tutur. Bunun əyani təzahürlərindən biri kimi, Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində Bakının Yeni
Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya
Müəssisəsi yaradılıb. Müəssisə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-
sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun
infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub.
Burada sınanmış müalicə metodlarından olan qum terapiyası, habelə artterapiya
üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya
xidmətləri göstərilir. Onlar sosial mühitə oriyentasiya məqsədli sınanmış tədris metodlarına,
sosial reabilitasiya yönümlü effektiv prosedurlara cəlb edilirlər. 2019-cu ilin ötən dövründə
300-dən çox uşaq burada reabilitasya xidmətləri ilə təmin edilib, onlardan 200 nəfərdən
çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun sindromlu, digər diaqnozlu
uşaqlardır. Ümumən, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya
Müəssisəsi kimi fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta qədər
müəssisədə 1450-dək uşağa reabilitasiya xidmətləri göstərilib.
Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı
uşaqlar üçün sosial xidmət müəssisələrində də müasir şəraitin yaradılmasına imkan verib.
Həmin proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2
saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir
tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti, həmin uşaqların funksional
çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn
reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb. Müəssisələrdəki
uşaqlardan bir çoxu burada fəaliyyət göstərən mini emalatxanada öz bacarıqları
müqabilində və əmək müəllimlərinin təlimi əsasında müxtəlif növ (rəsm, tikmə, ağac
üzərində oyma, sap və muncuqla toxuma və s.) əl işləri hazırlayırlar. Bu gün hər iki
müəssisə nümunəvi dövlət uşaq müəssisələri kimi seçilirlər.
Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında icra olunan layihələrin bir
istiqaməti də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına yönəlib.
Məhdud fiziki imkanlı şəxslərin cəmiyyət həyatında fəal iştirakına, informasiya-
kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq

imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn layihə çərçivəsində
ötən dövrdə Heydər Əliyev Fondu tərəfindən Naxçıvan, Gəncə və Yevlax şəhərlərində
məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb. Bu
mərkəzlərdə gözdən əlilliyi olanların və görmə imkanları məhdud insanların İKT-dən
istifadəsinə, internetə çıxış, internetdə informasiyanın tapılması və s. üçün imkanlar
mövcuddur.
Ümumilikdə əliliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin sosial
inteqrasiyasına dəstək Heydər Əliyev Fondunun fəaliyyətində əhəmiyyətli yer tutur. Fond
həmin gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının
dəstəklənməsinə, cəmiyyətə tanıdılmasına öz mühüm dəstəyini göstərir. Fond tərəfindən
sosial xidmət müəssisələrində, o cümlədən Pensiya yaşına çatmış şəxslər üçün sosial
xidmət müəssisəsində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara
fərəhli hisslər bəxş edən tədbirlər də təşkil olunur.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə ayrı-ayrı bayramlarda, əlamətdar günlərdə aztəminatlı ailələrə,
yəni ünvanlı sosial yardımla əhatə olunmuş aztəminatlı ailələrə bayram sovqatları
paylanılır. Bir qədər əvvəl Qurban bayramı ilə əlaqədar da Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Bakı və bütün regionlar üzrə 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik
edildi, onlara qurban payları verildi.
Həssas qruplara bu qayğıkeşlik missiyası həmin qruplardan olanların
özünüməşğulluğunun dəstəklənməsində də öz davamını tapır. Belə ki, Heydər Əliyev Fondu
özünüməşğulluq proqramının icrası işlərində öz dəyərli dəstəyini verir. Fondun “Regional
İnkişaf” İctimai Birliyi ilə imzalanan Memoranduma əsasən, 2018-ci ildə “Sosial bağlar”
layihəsinin birinci mərhələsi kimi 125 ailənin proqram çərçivəsində intensiv meyvə
bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına dəstək göstərib.
İmzalanan yeni Memorandumla layihənin ikinci mərhələsi olaraq, 2019-cu ildə 250 ailəyə
bu sahədə dəstək verilməsi işləri aparılır.
Təbii ki, bütün bu qeyd olunanlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin ölkəmizdə
sosial inkişaf, həssas qruplara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə yüksək qayğı, neçə-
neçə aztəminatlı ailəyə sevinc və kimsəsizlərə gələcəyə böyük inam hissi bəxş etmək
naminə çox geniş miqyasda ardıcıl və mühüm xidmətləri özündə ehtiva etdiyini göstərir.
Həssas qruplarla bağlı xoşməramlı, nəcib layihələrin, xeyirxah təşəbbüslərin bir-birini əvəz
etdiyi bu fəaliyyət azərbaycançılıq əqidəsinin və dövlətçiliyə dərin sədaqətin, millli inkişaf
siyasətinə dəyərli töhfələr vermək əzminin, yüksək humanizmin, vətənpərvərliyin və öz
xalqına sıx bağlılığın, bitib tükənməz xeyirxahlığın vəhdətinə əsaslanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ