lombard
16:00
329

Gecə saatlarında paytaxtda kobud qayda pozuntuları törədən sürücülərin aşkarlanması məqsədilə reyd keçirilib

Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları jurnalistlərin iştirakı ilə paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirləri davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkarlanması məqsədilə növbəti maarifləndirici-profilaktik tədbir keçiriblər.

AZƏRTAC-a istinadla müxbirlərinin də iştirak etdikləri reyd zamanı bir neçə sərxoş sürücü aşkarlanıb, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edən, çoxavazlı səs siqnalları, səsboğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 20-yə yaxın sürücü müəyyən olunub. Həmin şəxslərə protokollar tərtib olunub, müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Nərimanov rayonu ərazisində 90 EL 133 dövlət nömrə nişanlı “Sportage” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü aşkarlanıb. Ağır dərəcədə sərxoş olan sürücü polis əməkdaşlarına çətin anlar yaşadıb. Belə ki, həmin şəxs tabesizlik göstərərək tibbi müayinəyə getməkdən imtina edib, yol polisinə müqavimət göstərib. Lakin yol polislərinin sürücü ilə etik qaydalar çərçivəsində davranışından sonra həmin şəxs tibbi müayinədən keçməyə razılıq verib və onun spirtli içki qəbul etdiyi tam sübut olunub.

Reyd zamanı avtomobilə konstruksiya dəyişikliyi etmiş sürücülər də müəyyən olunaraq saxlanılıb. Belə ki, 10 OX 310 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü əlavə avadanlıq quraşdırmaqla avtomobilin səsini gücləndirib. 99 TS 085 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü isə nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edib. Yol polisi əməkdaşları həmin sürücülər barədə protokollar tərtib edərək nəqliyyat vasitələrini cərimə meydançasına aparıblar.

Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı isə təhlükəsizlik kəmərindən istifadə etməyən, cərimələri ödəməyən, eyni zamanda, qaydaları pozan sürücülər aşkarlanıb. Avtoxuliqanlıq edən 90 GO 444 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü saxlanılıb. Bundan başqa, avtomobildə konstruksiya dəyişikliyi aparan bir neçə sürücü də yol polisi tərəfindən aşkarlanıb. Qayda pozan həmin sürücülərə inzibati qaydada protokol tərtib edilib, bəzi avtomobillər cərimə meydançasına yerləşdirilib.

Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanlarının paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirdiyi tədbirlər çərçivəsində rayon ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobilləri saxlayan, cərimələri ödəməyən, çoxavazlı səs siqnallarından, səsboğuculardan, sayrışan işıqlardan istifadə edən, eləcə də nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərə qarşı tərəfimizdən tədbirlər görülür. Reyd zamanı avtoxuliqanlıq edən bir sürücü saxlanılıb, barəsində tədbirlər görülməsi üçün rayon məhkəməsinə göndəriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi tədbirlər çərçivəsində Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da rayon ərazisində reydlər keçiriblər. Reydlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, gecə vaxtı avtomobilin işıqlarını söndürərək sürən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, cərimələri ödəməyən, həmçinin kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıb. Qayda pozuntularına yol verən həmin sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunub.

Bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ