

Kürdəmirdə rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhərrəmlik ayına həsr olunan görüş keçirilib. Görüşdə dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Heydər Əliyev Mərkəzində təşkil edilən görüşdə əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvası oxunub.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edən natiq diqqətə çatdırıb ki, xalqımız hər zaman Məhərrəmlik mərasimlərini qanun çərçivəsində qeyd edib və bu ənənəni bu gün də yaşadır.
Görüşdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov çıxış edərək vurğulayıblar ki, öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub.
Çıxışlarda müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun keçirilməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.