lombard
12:32
485

Ağdaş Rayonu haqqında...

Ağdaş Rayonu haqqında...

Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir. İnzibati mərkəzi Ağdaş şəhəridir.Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar ən qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Strabon bu ərazilərdə insanların məskunlaşdığını, təsərrüfat fəaliyyəti ilə məşğul olduqlarını, Türyançay çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini qeyd etmişdir. Təbii iqlim və torpaq şəraiti burada qədim dövrlərdən əkinçilik və maldarlığın yüksək inkişafı üçün əlverişli imkan və şərait yaratmışdır. Tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı.
Rayonun iri yaşayış məntəqələri Ağdaş şəhəri,Dəhnəxəlil ,Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki kəndi, Pirəzə, Abad, Ağzıbir, Ərəb, Xosrov, Qolqəti, Qaradeyin, Güvəkənd, Şəmsabad kəndləridir.
Ağdaşın iqtisadiyyatında pambıqçılıq əsas yer tutur. Ağdaş rayonunun əlverişli coğrafi mövqeyi və təbii şəraiti hələ XIX əsrin sonralarında burada texniki bitkilərin əkilib-becərilməsinə və onların dünya bazarına çıxarılmasına imkan vermişdi. 1883-cü ildən Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra onsuz da əhəmiyyətli ticarət yollarının üstündə yerləşən Ağdaşda emal müəssisələri qurulmağa başladı. Məhsul tədarükü və xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın inkişafına səbəb oldu.Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əkinçilik, meyvəçilik və heyvandarlıq inkişaf etmişdir. "Ağdaş-Pambıq" ATSC, qida məhsulları kombinatı, "Orelay" şirniyyat firması, "FA kom BİCA" MMC, Kükəl kərpic istehsalı zavodu, "Damla" un fabriki, "Arşınmalçı" tikiş-trikotaj müəssisəsi yaradılmışdır. Burada həmçinin pambıqtəmizləmə zavodu, süd zavodu, respublika kənd təsərrüfatı texnikası birliyinin rayon şöbəsi, yerli sənaye kombinatı, meşə təsərrüfatı vardır.
Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri — 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. O dövrdə Azərbaycanda fəaliyyət göstərən bu tipli 3 məktəbdən birinin məhz Ağdaşda açılması heç də təsadüfi deyildir. Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil bazasına malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi. XX əsrin əvvəlində Ağdaşda "Nəşri-Maarif" cəmiyyəti, qiraətxana, "Səadət" qızlar məktəbi, "Darülirfan", "Ruşdiyyə" kimi tədris ocaqları fəaliyyət göstərirdi. Bu məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə, Həsən Əfəndiyev kimi maarifçi ziyalılar çalışırdılar. Məhz belə marifçilik bazası üzərində sonralar Ağdaşda təhsilin səviyyəsi yüksək xətlə inkişaf etmişdir. Rayonda Pedaqoji məktəb, Tibb məktəbi, Kənd Təsərrüfatı texnikumu, Peşə məktəbləri açılmış, bəziləri bu gün də fəaliyyət göstərir.

Ağdaş mədəniyyəti və incəsənəti dərin köklərə malikdir. 10 aprel 1908-ci ildə Zülfüqar Hacıbəyovun yaxından iştirakı ilə Rəşid bəy Əfəndiyevin "Qan ocağı" adlı əsəri ilə fəaliyyətə başlayan Ağdaş teatrı rayonun mədəni həyatında böyük rol oynamışdır. 1940-cı ildə bu rayondan deputat seçilmiş görkəmli Azərbaycan şairi Səməd Vurğunun təşəbbüsü ilə Ağdaş teatrına Dövlət Dram Teatrı statusu verilmiş, teatrın səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun," "Arşın mal alan" kimi klassik əsərlər oynanılmışdır. 1960-cı ildən teatr Xalq Teatrı kimi fəaliyyət göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ