
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidməti Sumqayıt şəhərində “Məcburi əməyin və insan alverinin qarşısının alınması” və
“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin
maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.
Tədbirdə bildirilib ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi
bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin
əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına
daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır.
İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyətə cəlb edilirlər.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluq barədə çıxışlar olub. Bildirilib ki,
məşğulluğun bu növü əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi
şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə
yetirilməməsinə səbəb olur.