


Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş
katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr
Novakla görüşüb. Görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meylləri,
neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, “OPEC plus”
ölkələri üzrə öhdəliklərin icra göstəriciləri və eləcə də bu format çərçivəsində
Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib. Neft bazarında sabitliyin
qərarlaşdığı vurğulanaraq bu prosesdə “OPEC plus” iştirakçılarının rolu yüksək
qiymətləndirilib. “OPEC plus” əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə
biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi qeyd olunub.
Nazir Pərviz Şahbazov Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətinin
İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə də görüşüb. Görüşdə şirkətin külək
enerji sahəsində əməkdaşlığa dair təklifləri ilə bağlı fikir mübadiləsi aparılıb.