lombard
10:18
644

Ağsu rayonu haqqında

Ağsu rayonu haqqında
Ağsu rayonu haqqında
Ağsu rayonu haqqında

Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmiş, 4 yanvar 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.Təxminən 77 min nəfərdən ibarət olan rayon əhalisinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 28.9 %-i şəhərdə, 71.1 %-i kənd yerlərində yaşayır.Əhalisinə görə ən böyük yaşayış məntəqələri Ağsu şəhəri, Gəgəli, Bico, Kəndoba, Kalva və Ərəbuşağı kəndləridir.Rayonda 2.068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş rayonlarından gələn əhalidir.
Ağsu rayonu şərqdən və şimal-şərqdən Şamaxı, cənubdan Hacıqabul və Kürdəmir, qərbdən və şimali-qərbdən İsmayıllı rayonları ilə həmsərhəddir.
Ərazisinin sahəsi 1020,1 km²-dir.
Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir. Aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir. Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98-100%-i qeyri-dövlət sektorunun payına düşür. Rayonun təsərrüfat fəaliyyətinin əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Rayon əhalisinin böyük əksəriyyətinin, yəni 70%-dən çoxunun məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Rayonda hazırda əsasən taxılçılıq, pambıqçılıq, meyvə, bostan-tərəvəz istehsalı və heyvandarlıq sahəsi sürətlə inkişaf etdirilir. Ağsu rayonunda əsasən taxıl, pambıq, kartof, bostan-tərəvəz, günəbaxan, nar, üzüm və digər bitkiçilik məhsulları yetişdirilir. Respublikada aqrar islahatların gedişi ilə əlaqədar rayonda mal-qaranın özəlləşdirilməsi prosesi başa çatdıqdan sonra heyvandarlığın inkişaf səviyyəsi xeyli artmışdır. Rayon əhalisinin ət məhsuluna olan tələbatı rayon daxilində yetişdirilən heyvanların hesabına ödənilir. Son dövrdə quşçuluq məhsullarının istehsalı xeyli artmışdir.Hazırda Ağsu rayonunda onlarla istehsal təyinatlı müəssisə mövcuddur. Bunlardan "Miri Grand" MMC, "Büllür" MMC, "Ağsu-Konserv-3" ASC, "Ağsu Konserv A-EM", "Mehman" MMC, "Şaban-Quşçuluq" MMC-nin adını çəkmək olar. O cümlədən, rayonda çörək sexləri, abadlıq işlərində istifadə edilən bardür və tamet istehsal edən sexlər, Kalva kəndində "Pərvanə" MMC və onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sex, onlarla digər obyektlər mövcuddur. İstehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda satılır. Rayonda üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsunun Bico, Pirhəsənli, Qəşəd kəndlərində toxunan xalçalar, xüsusən də Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları çox məşhurdur. Rayonumuzda fəaliyyət göstərən Azqranata MMC-nin əsası 29 oktyabr 2011-ci ildə qoyulmuşdur.
Rayonda 69 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 6 xəstəxana, 18 ambulator-poliklinika, 22 feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir. Rayonda 1 mədəniyyət sarayı, 10 mədəniyyət evi, 47 kitabxana, 1 uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyi vardır. Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
icra Hakimiyyətinin başçısı Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır. Bir çox vətəndaşlarla görüşmüş, problemləri həll etmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ