




Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Quba rayon İcra
Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhərindəki Uşaq Günərzi Qayğı
Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uşaqların dövlət uşaq
müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların
və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin
xidmətinin göstərilməsi” istiqaməti üzrə sosial xidməti sifarişini Quba şəhərində “Ailə”
Sosial Araşdırmalar İctimai Birliyi həyata keçirir.
Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş və inteqrativ təhsilə cəlb oluna
bilən sağlamlıq imkanları məhdud 30 uşaq cəlb edilib.
Mərkəzdə həssas qruplardan olan uşaqların asudə vaxtlarının təşkili üçün
mütəmadi olaraq müxtəlif ekskursiyalar, gəzintilər, cizgi filmlərinin nümayişi reallaşdırılır.
Mərkəzin əməkdaşları və uşaqların valideynləri üçün təlimlər təşkil edilir, onların bilik və
bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.
Mərkəzin kollektivi ilə görüşündə nazir S.Babayev Prezident İlham Əliyevin
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin
genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamının
ölkəmizdə reabilitasiya yönümlü sosial xidmətlərin əhatə dairəsinin dəfələrlə artmasına
şərait yaratdığını vurğulayıb. Nazir Sərəncamın icrası işləri çərçivəsində
respublikamızda günərzi qayğı mərkəzlərinin sayının da iki dəfədən çox artırılaraq 28-
dən 58-ə çatdırılacağını, günərzi mərkəzləri şəbəkəsinin bölgələr üzrə
genişləndiriləcəyini, həmçinin yeni sosial xidmət istiqamətləri üzrə mərkəzlərin
yaradılacağını deyib.
Mərkəzdə yaradılmış şəraiti, buradakı günərzi qayğı xidmətlərini, uşaqlarla
aparılan işləri nəzərdən keçirən S.Babayev göstərilən reabilitasiya yönümlü sosial
xidmətlərlə bağlı müvafiq tapşırıqlarını verib.