lombard
14:21
467

DSMF-də sosial sahədə aparılan islahatlar mövzusunda müşavirə keçirilib

Prezident cənab İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin
əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada
təyinatına başlanılıb. Sosial təminat  sisteminin digər sahələri üzrə də
avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər
nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Dövlət
Sosial Müdafiə Fondunda sosial sahədə aparılan islahatlara və qarşıda duran vəzifələrə
həsr olunmuş müşavirədə bildirib.
Nazir müavini dövlət başçısının təqdim etdiyi sosial islahatlar paketi ilə minimum
əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72 faiz, sosial müavinət və
Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən
müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və
problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib. A.Kərimov qeyd edib
ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına
ciddi dəstək olur.
Fondun direktoru Himalay Məmişov cari il oktyabrın 1-dən pensiyanın minimum
məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli
artıma imkan verdiyini deyib. O, həmçinin Sərəncam və Fərmanlarla sosial müavinət və
təqaüdlərin orta hesabla 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu
vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud
uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata
keçirilən tədbirləri qeyd edib.
İclasda DSMF-nin fəaliyyətində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması
üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs
olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ