


Sentyabrın 27-də Energetika naziri Pərviz Şahbazov Tovuz şəhərində Enerji
Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialının inzibati binasında vətəndaş qəbulu
keçirib. Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qazax şəhərində Qazax
və Ağstafa rayonlarının, nazir müavini Elnur Soltanov isə Şəmkir şəhərində yerli
sakinləri qəbul edib.
Vətəndaşların müraciətləri elektrik enerjisi və qaz təchizatı, elektrik xətlərinin
istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji təchizatında fasilələr,
elektrik enerjisi və qaza görə borc və cərimələr, işlə təminat və digər məsələləri əhatə
edib.
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə
keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin
araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar
verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara
çatdırılması üçün qeydiyyata alınıb.
Ümumilikdə qəbullarda 20-ə yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə,
göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına
minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tovuz, Qazax və Şəmkir şəhərlərində təşkil olunmuş qəbullar
barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin
rəsmi internet saytında (http://www.minenergy.gov.az) və "Facebook" səhifəsində
elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin
onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.