lombard
14:32
332

Yeni Fond əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin edəcək

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423
nömrəli Qərarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb.
Hazırda yeni Fondun fəaliyyətə başlaması üçün təşkilati işlər aparılır.
Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək
Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13
iyun tarixli 1607-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 24 iyul tarixli 1347
nömrəli Sərəncamına əsasən belə bir Fondun yaradılması ölkəmizdə işçilər üçün
sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin dövlət siyasətinin mühüm tərkib
hissəsi olduğunu göstərir.
Əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi Fondun
vəsaitindən istifadənin istiqamətlərindən biri kimi müəyyən olunub. Bu da əməyin
mühafizəsi sisteminin təkmilləşdirilməsinə yönələn yeni elmi araşdırmaların aparılmasını
və geniş miqyas almasını stimullaşdıracaq. Ölkədə əməyin mühafizəsi üzrə kadr
potensialının artırılması, iqtisadiyyatın müxtəlif sahələrində əməyin təhlükəsizliyi üzrə
mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətdə də Fondun vəsaitindən istifadə
olunacaq.
Qeyd edilən vəsait həmçinin əməyin mühafizəsi normaları, standartları və
qaydalarının hazırlanmasına, əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə
işlərinə, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının
yaradılmasına və inkişafına yönəldiləcək. O cümlədən müvafiq sahədə müasir tələblərə
cavab verən və əməyin mühafizəsi üzrə fəaliyyət sferasında tətbiqi zəruri olan texnoloji
qurğuların, cihazların, avadanlıqların və s. alınmasında yeni yaradılan Fond mühüm
dəstək rolunu oynayacaq.
Əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkili və həyata
keçirilməsi, əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat istiqamətdə
dövlət və regional proqramların hazırlanması və yerinə yetirilməsi, habelə digər
istiqamətlərdə Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə dəstəyi təmin olunacaq.
Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən
sığortaçıların könüllü ödəmələrindən, eləcə də müəssisələrin və vətəndaşların könüllü
şəkildə ödədikləri vəsaitlərdən və b. ödəmələrdən formalaşacaq. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi bu Fondun idarə edilməsini və Fondun nazirliyin
büdcədənkənar xüsusi xəzinə hesabında toplanacaq vəsaitləri üzərində onun
Əsasnaməsinə uyğun istiqamətlər üzrə sərəncam verilməsini həyata keçirəcək.
Bu məqsədlə 2018-ci il 28 sentyabr tarixində “Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat
Sığorta”, “Qala Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq
haqqında Memorandum imzalanmışdır. Hazırda bu Memoranduma “Xalq Həyat Sığorta”
ASC də qoşulur.
Memoranduma əsasən istehsalatda bədbəxt hadisələrin icbari sığortası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən
həyata keçiriləcəkdir ki, bu məqsədlə ölkədəki icbari sığorta informasiya sistemi ilə
“Əmək müqaviləsi bildirişləri” altsistemi inteqrasiya olunaraq “Əmək müqaviləsi
bildirişləri” altsistemində işəgötürənlərə işçiləri istehsalatda bədbəxt hadisələrdən icbari
sığorta edilməsi üçün elektron imkanlar yaradılacaqdır. Bu istiqamətdə proqram təminatı

işləri artıq tamamlanmışdır ki, yaxın vaxtlarda işəgötürənlər “Əmək müqaviləsi
bildirişləri” altsistemində əmək müqavilələrini qeydiyyata alarkən, paralel olaraq işçilərini
istehsalatda bədbəxt hadisələrdən elektron formada icbari sığorta edə biləcəklər.
Göründüyü kimi, yeni Fond ölkəmizdə əməyin mühafizəsi tədbirlərinə sistemli
şəkildə maddi-texniki dəstəyi təmin etməklə, işçilərin həyat və sağlamlığının qorunması
kimi vacib məqsədə xidmət edəcək. İş yerlərində əməyin mühafizəsi norma və
standartlarının təmin olunmasının istehsalatda əmək məhsuldarlığının artımına da
müsbət təsiri nəzərə alındıqda, yeni Fondun iqtisadi əhəmiyyəti də özünü göstərəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ