lombard
10:36
222

18 Avqust - Sərhəd Qoşunları Günüdür!

18 Avqust - Sərhəd Qoşunları Günüdür!

Bu gün müstəqil Azərbaycanda tarixi gün - Sərhəd Qoşunları Günüdür. Bu Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılıb, digər istiqamətlərdə də bənzər məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilib.

Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərib, milli sərhəd siyasətinin əsasını qoyub, sərhəd strategiyasını müəyyənləşdirib. Ümumiyyətlə, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

2000-ci il avqustun 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin Azərbaycan Respublikasının Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi elan edilməsi haqqında sərəncam imzalayıb. O cümlədən, 2002-ci il iyulun 31-də Ulu Öndər Heydər Əliyev sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzalayıb ki, bu qərar Azərbaycan sərhədçilərinin fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticəsini tapıb. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Dövlət başçısı İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2009-cu ildə Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışındakı çıxışı zamanı qeyd edib: “Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ